26 Mart 2016 Cumartesi

Cəlilabad rayonunun tarixi

Rayonun sovet dövründəki emblemi.
Cəlilabad rayonun ən qədim adı “Həməşərə” olub.“Həməşərə” şəhəri Muğanın tanınmış şəhərlərindən biri olmuşdur. Şəhər 50 hektara kimi ərazini əhatə edirdi. Orta əsr tarixçisi Xondəmir “Həbubisiyər” əsərində “Həməşərə” şəhərinin üç metr hündürlüyündə möhtəşəm qala divarı ilə əhatə olunduğunu göstərir. “Həməşərə” şəhəri iki hissədən ibarət olmuş, şəhəri aşağı hissəsində rəiyyət, iç qalada (təpədə) isə əyanlar yaşamışlar. Baş məbəd iç qalada yerləşmişdir. Şəhərin aşağısında karvansara və kiçik məbəd də olmuşdur. Baş məbədin ətrafında “Haoma” qaynadılan təndir, küp və küp ağızlığı, həvəng və s. qoyulmuşdur. Şəhərin yerləşdiyi təpənin altı boş olmuşdu. “Həməşərə” nin arxa hissəsində ordugah yerləşmişdir. Əl-Müqəddəsinin verdiyi məlumata görə X əsrdə Həməşərənin 35 min əhalisi olmuşdur. 1886-cı ilin siyahıya alınmasına görə “Həməşərə” şəhərində 368 ev, 1536 kişi, 1228 qadın, cəmi 2764 nəfər əhali yaşamışdır. Şəhərdə atəşpərəstliyin dini təlim məktəbi olmuşdur. Şərqdə ilk dəfə Cəlilabadın “Qurudərə” deyilən ərazisindən “Zərdüşt ibadət möhürü”nün və “İt-şəbəkə boyunbağı”nın tapılması buna əyani sübutdur.
Qədim və orta əsr tarixçiləri “Həməşərə”nin qədimindən xəbər verirlər. Səidəli Kazım bəyin “Cəvahirnameyi-Lənkəran” əsərində verdiyi məlumata görə “Muq”lar bu ərazilərdə yaşamış, “Həməşərə” şəhərində Muqların baş məbədi yerləşmişdir. Onlar bu şəhərdə “Haoma” şirəsi çəkmişlər. Cəlilabadın qədim adı “Həməşərə” sözünün etimalogiyası da buradan qaynaqlanmışdır. “Həməşərə” sözü “Haoma” və “Şirə” sözlərinin birləşməsindən yaranmış (Haomaşirə), zaman keçdikcə bu söz müxtəlif dəyişikliyə uğrayaraq günümüzə “Həməşərə” olaraq gəlib çatmışdır. Qeyd edək ki, “Haoma” Zərdüştlərdə dini içkidir. Zərdüştlər müxtəlif dini ayinləri yerinə yetirərkən bu içkidən içərmişlər. Atəşpərəst inancına görə mərdlik və cəsarət rəmzi sayılan “Haoma” şirəsi insana güc, qüvvət verərmiş.
 Banu-Parsda olmuş M.Boyls “Haoma”nın çəkilməsini beelə təsvir edir: “Efedr bitkisinin budaqlarını yığır, onu daş həvəngdə sürtüb qabıqlarını çıxarırmışlar. Sonradan ona nar şirəsi qatır, süd əlavə edib içərmişlər. Dəsturlar dini mərasimləri qızışdırmaq üçün ibadətə dələnlərə paylayarmışlar”.
 Təsadüfi deyil ki, “Haoma” şirəsi çəkilməsi üçün lazım olan “Həməşərə” üzümü və “Haoma”ya sonradan əlavə edilən nar-hazanata bitkisi bu günədək Cəlilabad ərazisində bitir.
 İndi də rayonun yaşlı nəsli, eləcə də ətraf rayonlar Cəlilabadı “Həməşərə” adlandırır. Respublika arxeoloqlarının fikrincə “Həməşərə” və “Mişarçay” mədəniyyəti b.e.ə II minilliyə aiddir.
 Coğrafiyaşünas Həmdullah Qəzvini bu şəhərdə olmuş və xəbər vermişdir ki, şəhər dəniz kənarında yerləşmişdir. Xəzər dənizinə kimi 2 fərsəng məsafə olmuşdur. Şəhər Biləsuvar və Talış mahalının arasında yerləşmişdir. Həmçinin H.Qəzvini “Həməşərə” şəhərinin V iqlimə aid edir.
 “Həməşərə” şəhəri haqqında A.A.Bakıxanovun “Gülüstani-İrəm” əsərində də rast gəlmək mümkündür. Bakıxanov yazır: “Şahın qoşunları Arasbar yolu ilə Kür çayı kənarına gəldilər. Havanın istiliyindən dənizin iki ağaclığında, qədim şəhər qalığı olan “Həməşərə”də dayandılar”.
 “Həməşərə”də tapılan maddi-mədəniyyət abidələri Cəlilabad Tarixdiyarşünaslıq Muzeyində saxlanılır.
 “Həməşərə” şəhərinin daha dərindən tədqiq etdikcə Azərbaycan tarixinin dərin qatları “Riqveda” və “Atxarvaveda”, hind əfsanələrindən, habelə Avesta əsatir və hekayətlərindən süzülüb gələn keçmişi aşkarlanır, ərazilərimizdə zərdüştlüyün mövcud olduğunu inkar edən alimlərin fikirlərini puça çıxarır.

 “Həməşərə”nin son hökümdarı Bəricil xan olmuşdur. “Həməşərə” şəhəri dağılandan sonra onun ərazisindəki Hasıllı kəndi şöhrətlənməyə başladı.
Muğan şəhəri
Hasıllı özü Mişarçayın Quzey-Günbatan tayında yerləşirdi. Mişarçayın Güney-Gündoğan tayında binə cuhudları deyilən ruslar yaşayırdı, Hasıllı ilə binə cuhudların kəndinin arası yüz əlli arşın ancaq olardı. Hasıllı bazarına Azərbaycanın çox yerlərindən alverçilər, böyük tacirlər gələr, öz mallarını bura gələn alıcılara satardılar. Bura alverə gələn şirvanlı Məşədi Məmməd sonradan Hasıllı bazarında dükan tikib böyük ticarətə başlamışdı. Məşədi Məmməd Hasıllıda yerini bərkidəndən sonra, buraya onun yerliləri olan şirvanlılar da axın etdilər, köçüb gəlməyə başladılar, Məşədi Məmməd də hamıya olduğu kimi, öz yerlilərinə də əlindən gələn yardımı əsirgəməz, onlara burada yer-yurd salmağa kömək eləyərdi. Məşədi Məmmədin alverinin yaxşı getməsinin bir niyəsi onun ucuzcul olması, geniş çeşidli mallar tapıb gətirməsi idisə, başqa bir niyəsi də onun çox əliaçıq bir insan olması idi. O, kimliyindən asılı olmayaraq, işi düşənlərə yardım eləyər, yoxsullara əl tutar, bacardıqca hamıyla yaxşı davranmağa çalışardı. Birdən kimsə toy üçün geyim-gecim almağa gəlsə, Məşədi Məmməd deyərmiş: “Gəlinimin çadrasını aldığım qiymətdən verəcəyəm”. Toy geyim-gecimi alınıb yığılandan, pulu veriləndən sonra, Məşədi Məmməd gəlin üçün ən azından bir yaxşı kəlayağı bağışlarmış. Məşədi Məmmədin alverinin belə yaxşı getməyini yerli tacirlərin gözü götürmədiyindən, onlar günlərin birində bir qarışıqlıq salıb, yerli adamlarla şirvanlılar arasında toqquşma yaratdılar, sonra da Məşədi Məmmədə dedilər: “Sən gərək öz yerlin şirvanlıları da götürüb bizim bazardan çıxasan”. Məşədi Məmməd qarşıdurma yaratmaq istəməyib, 1916-cı ilin yazında, yaxınlıqdakı Astarxanovka kəndindəki ruslardan əlli giri buğdanın yerini satın alaraq, orada bazar açdı. Hasıllı bazarında başqa yerlərdən gəlmə tacirlər də, yerli tacirlər onlara yaxşı üz göstərmədiklərindən, Məşədi Məmmədin bazarına köçüb getdilər. Məşədi Məmməd ruslardan aldığı torpaqda qabaqca özünə çox gözəl bir ev tikdi, sonra çox planlı bir şəkildə bir bazar, onun çevrəsində yenə də planla evlər tikdirməyə başladı. Bir sözlə, yeni bir şəhər salınmağa başladı. Məşədi Məmməd onun bazarına gələnlər üçün özü dükan tikdirər, köçüb gələnlər üçün də evlər tikdirərdi. Məşədi Məmməd yeni bazar salandan sonra, oradakı dükanlarını uzaq yerlərdən gətirilmə, çətin tapılan mallarla doldurdu. Bu malları həm də çox uyğun-ucuz qiymətə satar, bazarındakı tacirlərə də insafla alver eləməyi gənəşərdi. Məşədi Məmməd öz bazarından bir az aralıda mal-qara satışı üçün Mal bazarı deyilən bir bazar da saldırmışdı. Beləliklə də, bir-birinə yaxın olan iki bazar yarandı, Hasıllı bazarına yuxarı, Məşədi Məmmədin bazarına aşağı bazar deyərdilər. Məşədi Məmməd alver işlərini yaxşı qurduğundan, yavaş-yavaş Hasıllı bazarı sıradan çıxmağa başladı. Sonradan Hasıllılarla binə cuhud deyilən rislar arasında baş verən savaşda ruslar Hasıllı kəndini yandırandan sonra Hasıllı bazarı büsbütün dağıldı. Məşədi Məmməd haqqında bu gün də Cəlilabadda yaxşı sözlər dolaşmaqdadır. Deyilənə görə, öləcəyi ürəyinə daman Məşədi Məmməd nisyə dəftərini sobaya atıb yandıraraq, yaxın adamlarına demişdi: "Birdən mən öləndən sonra adamları borca görə incidərsiniz, kimin imkanı, vicdanı var gətirib borclarını verər, gətirməyənləri də bağışlayıram".
Cəlilabad rayonu 8 avqust 1930-cu ildə Astraxanbazar adı ilə təşkil edilmişdir. 2 iyul 1967-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin şərəfinə Cəlilabad adlandırılmışdır.

Hiç yorum yok:

Yorum Gönder