13 Şubat 2016 Cumartesi

Nəriman Nərimanovun Cahangir Zeynalova “Açıq məktub”u

1910-cu ildə  Azərbaycan professional teatrının banilərindən biri, görkəmli aktyor, teatr xadimi və pedaqoq Cahangir Məşədi Rza oğlu Zeynalovun  səhnəyə çıxmasının 25 illik yubileyi təntənə ilə qeyd olunub.
Həmin dövrdə Həştərxanda sürgündə olan N.Nərimanov da bundan xəbər tutur və yubilyarı təbrik edir. Bir neçə gün sonra isə Həştərxanda çıxan “Bürhani-Tərəqqi” qəzetinin 5 dekabr 1910-cu il tarixli nömrəsində onun Cahangir Zeynalova ünvanladığı “Açıq məktub”u dərc olunur. Məktubda deyilir:
“Əziz və möhtərəm Cahangir Zeynalov!”
Sizin 25 illik yubileyinizə dair dəvətnamə bilməm nə səbəbə mənə gec çatmış... Vaxtında çatmış olsaydı da nə edə bilərdim? Aramızda böyük dərya, Qafqaz dağları və ixtiyarsızlıq... Fəqət bu gün də istərdim sizi təbrik edənlərdən olub öz hissiyyatımı söyləyəydim. Bir yerdə, hər səhnənin üstə keçən günləri yada salıb, heç olmasa beş dəqiqə, on dəqiqə, bir saat ikimizə məlum səhnəni gəzəydik. Həmin səhnənin hər bir küncü, hər bir divarı balaca-balaca taxtadan bölünmüş otaqları bizi nə bir gözəl halətə gətirərdi!
25 il bundan müqəddəm halımızı nəzərə gətirib fikirlərimizlə bu uzun məşəqqətli, tikan səpilmiş yolu seyr etmək ruhumuzun təzələnməyinə, əqlimizin qüvvətlənməyinə, hissiyyatımızın tərənnümünə gəlməyinə səbəb olardı desəm, səhv etməmişəm. Böyləmi? Ah, nə gözəl vaxtlar? Nə ali, müqəddəs fikirlər, məqsədlər! Belə bir halətdə olmaq mənim üçün mümkün olmadı. Fəqət fikrim haman səhnədə seyr edirkən sizi “Hacı Qara” rolunda nəzərimə gətirdim. Ah... Nə gözəl mənzərə! Teatr dolu. Siz Hacı Qara rolunda səhnənin üstə, camaat əl vurur, afərin söyləyir. Siz isə məğrurluq ilə camaata baxıb öz-özünüzə deyirsiniz: “Haman bu rolda 25 il bundan müqəddəm mənə “oyunbaz” deyirdilər. Mənə həqir nəzərlərl baxırdılar. İndi isə afərin deyirlər, təbrik edirlər...”
Əziz, möhtərəm yoldaş! 25 il milli teatra qulluq etmək böyük xidmətdir. Ələlxüsus sizin xidmətiniz. Çünki siz artist namini qəbul edən vaxt bakılılar artistə “oyunbaz” deyib həqir nəzərlərlə baxırdılar. “Gəlmələr” milli teatrın tərəqqisinə çalışarkən, Bakı cavanlarını özlərinə yoldaş etmək istəyirdilər. Lakin ataların teatra həqir nəzərləri onları (cavanları) belə bir gözəl işdən məhrum edirdi. Siz isə teatrın xalqa nəfini anlayıb camaatın nəzərində həqir olan bir işə şiru etdiniz! Bu fikirlərlə ki, vaxt olar, camaat səhvini anlayar. Bu gün mənə həqir nəzərlə baxan camaat, mənə “oyunbaz”, “kəndirbaz” söyləyənlər, məni bu səhnənin üstə alqışlayarlar, təşəkkürlər edərlər...”
Həqiqət 25 ildən sonra da belə oldu. Sizi alqışladılar, təbrik etdilər, 25 il ərzində çəkdiyiniz zəhməti millət unutmadı və həmin zəhmətin meyvəsini anlayıb teatra həqir nəzərini dəyişdi. Artist “oyunbaz” deyil, bəlkə böyüklər üçün nəsihətçi olmağını düşündü...
Əzizim! Milli teatr yolunda etdiyiniz xidmət heç vaxt unudulmayacaq. İstiqbalda milli teatrımız barəsində yazılan təvarixdə sizin isminiz söylənəcək, söylənib də gələcək balalarımıza yadigar qalacaq. Onlar oxuyub da düşünücəklər! Artistdən “oyunbaz” namini götürmək üçün nə uzun müddət, nə zəhmətlər, nə məşəqqətlər!
Ümid edirəm bu yubiley günündə camaatın sizə alqışları gələcəkdə milli teatra dair dəyanətinizin qüvvətlənməyinə, qeyrətinizin artmağına və məsləkinizin üstə davam etməyə səbəb ola. Teatr tərəqqisinə çalışmalı. Çünki “... Millətini sevən şəxs milli teatrını da gərək sevsin”.
Afərin olsun sizə sizə möhtərəm yoldaş!
Nəriman”.

Hiç yorum yok:

Yorum Gönder